Yeni vərdiş qazanmaq üçün edə biləcəyiniz 5 kiçik dəyişiklik
Fidan Abasova

İnsanlar yeni başlanğıclar etmək üçün çox vaxt bir stimula ehtiyac duyurlar. Bəzən yeni bir il, bəzən həftənin birinci günü və bəzən də ayın ilk günü. Xüsusilə ayın biri, həftənin də birinci gününə təsadüf edirsə - məhz 1 iyun günü də bazar ertəsinə düşür – bəziləri üçün bu bir növ uduş sayılır. Bir çox insan belə bir başlanğıc etməsinə baxmayaraq qısa bir müddət sonra davam etmək çətinləşdiyi üçün bu vəziyyətdən əl çəkirlər.
“Mən də beləyəm, çox böyük bir həvəslə başlayıram amma bir şəkildə yarımçıq qoyuram, davam edə bilmirəm.” deyirsənsə, gəl birlikdə yeni vərdiş formalaşdırmağın və bunu davamlı etməyin üsulları haqqında danışaq.
Əvvəlcə bilmək lazımdır ki, burada məsələ şəxsin motivasiya azlığı ya da iradə zəifliyi deyil. Əgər motivasiya varsa sistemi ona görə formalaşdırmaq yeni vərdiş qazanmağı dəstəkləyəcək.
James Clear, Atomik Vərdişlər kitabında qeyd edir ki, kiçik dəyişikliklər, böyük fərqlər yarada bilər. 0,1 dərəcə suyun qatı haldan əriyərək maye hala keçməsinə səbəb ola bilirsə, deməli insan da hər gün atdığı kiçik addımları davamlı ata bilsə həyatında böyük fərqlər yarada bilər.
Niyə yeni vərdişlər uzunömürlü olmur?
Birçox insan yeni vərdiş qazanmaq üçün başlanğıcda özünə çox böyük hədəflər qoyur;
• Hər gün 100 səhifə kitab oxumaq
• Hər gün 2 saat idmanla məşqul olmaq
• Həyatı bir anda tamamilə dəyişmək
Beyin hər zaman onu yoran, çox enerji sərf etməsinə səbəb olan fəaliyyətlərdən uzaq durmağa meyillidir. Buna görə də, önəmli olan güclü motivasiya yerinə davam etdirmək mümkün olan hədəflər müəyyənləşdirməkdir.
Kiçik addımlar niyə daha təsirlidir?
Yazının əvvəlində qeyd etdiyim kimi, 1 dərəcəlik bir fərq belə böyük bir dəyişikliyin kilidini aça bilir. Önəmli olan addım kiçik belə olsa davamlı olmasıdır.
• Hər gün 2 saat idman etmək çətin gələ bilər,
• Hər gün 10 dəqiqə idman etmək isə daha real bir hədəf kimi görünür.
Bu məqamda önəmli olan başlanğıcı asanlaşdırmaqdır. İnsan beyni başladığı bir işi yarımçıq qoymaq yerinə davam etdirməyə daha meyillidir.
Yeni vərdiş yaratmaq üçün 5 addım:
1. Vərdişi mümkün qədər asanlaşdırın.
Yeni bir vərdişi qazanmağa başlayarkən davamiyyəti qorumaq üçün kiçik addımlarla başlamaq lazımdır. Böyük hədəflərinizə gedən yolda özünüzə müəyyən kiçik hədəflər qoyun və vərdişi qazanana dək kiçik amma əmin addımlarla irəliləyin. Bu zaman müəyyənləşdirdiyiniz hədəf dəqiq olmalıdır.
• Hər gün dil öyrənməyə vaxt ayıracam – çox geniş və qeyri-müəyyəndir.
• Hər gün 5 dəqiqə yeni dil öyrənməyə vaxt sərf edəcəm.
İkinci hədəf isə dəqiq, kiçik və başlanğıcı asanlaşdıran, davamiyyəti isə artıracaq bir hədəfdir.
2. Yeni vərdişi görünən edin. Mühiti özünüzə uyğunlaşdırın.
Əgər yeni bir vərdiş qazanmağa qərar vermisənsə gün içərisində onu sənə xatırladan müəyyən işarələr yaratmaq yaxşı olardı.
• İdman etmək qərarına gəlmisənsə idman ləvazimatların gözünün görəcəyi bir yerdə qalsa vərdişi yerinə yetirmək daha rahat olacaq.
• Yatmazdan əvvəl kitab oxuma vərdişi qazanmaq üçün kitabı yatağının yanında saxlamaq işə yarayar.
• Telefon və sosial şəbəkə istifadəsini azaltmaq üçün bildirişləri söndürə bilərsən.
3. Yeni vərdişi mövcud bir vərdişə əlavə edin.
Beyin özünə tanış olan şeylərə çox daha tez uyğunlaşa bilir. Yeni başladığın vərdişi hal-hazırda davam etdirdiyin bir vərdişlə əlaqələndirmək işini asanlaşdıra bilər.
• Səhər əl-üzünü yuduqdan sonra meditasiya ilə məşqul olmaq
• Kofe içdikdən sonra 5 dəqiqə dil öyrənməyə vaxt ayırmaq
• Axşam yeməyindən sonra 10 dəqiqə kitab oxumaq
Bu metodla birgə yeni vərdişi daha yadda qalan edə bilərsən. Bir növ yeni bir zəncir quraraq yeni vərdişi köhnə vərdişə bağlayırsan.
4. Maraqlı hala gətirin.
Yeni vərdişi köhnə bir vərdişlə əlaqələndirdikdən sonra bunu çox sevdiyiniz bir məşquliyyətlə sonlandırın. Əgər, beyin vərdişdən sonra anında sevdiyi bir şeyi əldə etsə artıq bu vərdişi etməyə can atacaq.
• Kofe içdikdən sonra 10 dəqiqə dil öyrənməyə vaxt ayırdın + sosial şəbəkədə 2 dəqiqə vaxt keçir
• Axşam yeməyindən sonra 10 dəqiqə kitab oxudun + çox sevdiyin bir musiqini dinlədin
Beləcə, vərdişdən sonra çox sevdiyin bir başqa fəaliyyətlə məşqul olmaq beyninin həzz mərkəzini aktivləşdirərək yeni vərdişi sevdiyin bir məşquliyyətə çevirməyə başlayır.
5. Mükəmməl olmağa çalışmayın.
Bəzən gözlənilməyən hadisələr günün planlarını dəyişdirə bilər və bu çox normaldır. Bəzi günlər alınmaya bilər, hədəflərin gerisində qalmaq mümkündür lakin belə olduqda davam etmək üçün özünü cəsarətləndirməyə çalış. Bir gün alınmadı deyə tamamilə ipin ucunu buraxmaq lazım deyil.
Yeni vərdiş qazanmaq çox zaman düşündüyün qədər sürətli olmaya bilər lakin davamlı addım atmağa başladığın zaman sonda nəticəsini görməyə başlayacaqsan. Əsas məsələ güclü motivasiya və iradə deyil, bəlkə də sadəcə davam edən düzgün bir sistem qura bilməkdir.