Romantik Münasibətlər Haqqında Bilinən Yanlış Fikirlər – Miflər
Fidan Abasova

Günümüzdə romantik münasibətlərlə bağlı bir çox inanc və düşüncə var lakin bunların hamısı doğru deyil. Hər bir şəxs sahib olduğu inanc və düşüncələrə görə öz münasibətini qurmağa ya da olan münasibətini tənzimləməyə çalışır. Bəlkə də, doğru gedən, yolunda olan şeylər səni sadəcə yanlış fikirlərə görə narahat hiss etdirir.
Romantik münasibətlər haqqında bilinən yanlış fikirlər, miflər:
1. Məni sevirsə, bir baxışımdan nə düşündüyümü anlamalıdır.
Münasibət bir tapmaca deyil. Partnyorun nə düşündüyünü, necə hiss etdiyini anlamaq üçün mütəmadi olaraq siqnal vəziyyətində qalmaq hər bir insan üçün yorucudur. Bunun yerinə necə hiss etdiyini və nə düşündüyünü açıq şəkildə ifadə etmək daha yaxşı olar. Beləcə, münasibətdə açıq ünsiyyət qurmağı öyrənərək problemlərin öhdəsindən daha yaxşı gələ bilərsən.
2. Sağlam münasibətdə partnyorlar mübahisə etməz.
Partnyorlar münasibətin dinamikasından asılı olaraq bəzən mübahisə edə bilərlər. Hər bir münasibətdə cütlük arasında böyük kiçik davalar ola bilər. Vacib olan mübahisənin necə idarə olunduğudur. Açıq bir şəkildə mübahisə həll yolunu tapırsa deməli doğru yoldasan.
3. Uzun müddət davam edən münasibət sağlamdır.
Münasibətin sağlam olması nə qədər müddət davam etməsindən asılı deyil, önəmli olan münasibətin dinamikasıdır. Bəzən “zəhərli” (toksik) münasibətlər də çox uzun müddət davam edə bilir. Hətta tərəflər münasibətdə özlərini pis hiss etsələr belə bir dairənin içində ilişib qaldıqları üçün münasibəti bitirməkdə çətinlik çəkirlər.
4. Qısqanırsa məni çox sevir.
Qısqanclıq, hər bir insanın bəzən hiss edə bildiyi bir duyğudur lakin real sevginin sübutu deyil. Bəzən qısqanclıq münasibətə və partnyora zərər verən davranışlara çevrilə bilər. Qarşı tərəfi nəzarətdə saxlamağa, davranışlarını dəyişməyə çalışmaq, sərhədlərin pozulması və sosial çevrənin dəyişdirilməsi partnyora mənfi təsir edə biləcək amillərdir.
5. Fədakar olsam, çox sevilərəm.
Sağlam bir münasibətdə tək tərəfin fədakar davranmağı yox, hər iki partnyorun birlikdə münasibət üçün səy göstərməsi vacibdir. Yalnız bir tərəfin fədakarlıq göstərməsi uzun müddət sonra həmin partnyora zərər verər. Həmişə özündən verməyə öyrəşən tərəf bir müddət sonra özünü tükənmiş, həyatdan bezmiş bir halda tapa bilər. Üstləlik qarşı tərəfdən gözlədiyi qarşılığı ala bilməmək böyük bir məyusluq yaradacaq. Bu halda münasibətdə çatlar əmələ gələcək.
6. Sevən insan dəyişər.
Sevgi, bir insanın həyatında bəzi şeyləri dəyişməsi üçün ona motivasiya verə bilər lakin bu tək başına kifayət deyil. Şəxsin dəyişməyə hazır olması, bu dəyişikliyi həqiqətən istəməsi, davam etməklə bağlı düşüncələri, fərqindəliyə sahib olması kimi bir çox amil burada rol oynayır. Bu prosesdə sevib sevilmək şəxsi dəstəkləsə də digər amillər olmadan prosesi başlada bilməz.
Heç bir münasibət mükəmməl deyil. Bunu qəbul edərək yola davam etmək vacibdir. Romantik münasibət zamanı xoş anlarla birgə bəzən xoş olmayan və ya çətin gələn anlar da ola bilər. Bunu bilməyinə baxmayaraq, özünü münasibətdə çox vaxt pis hiss edirsənsə, yolunda getməyən bir şeylər olduğunun fərqindəsənsə bu barədə dəstək ala bilərsən.