İdmançı Psixologiyasına Bütov Baxış
Ləman Əhmədova

Qalibiyyətdən kənarda qalanlar
Qalib gəlməyin və məğlub olmağın xüsusi əhəmiyyət daşıdığı rəqabətli idman növlərində idmançılar şəxsi performans məqsədlərinə çatmaq üçün cəsarətli və inamlı şəkildə səylər göstərirlər.Lakin bu proses hər kəs üçün eyni cür irəliləmir. Bəzi idmançılar təzyiq altında güclənərkən, digərləri üçün bu təzyiq performansı qorumağı çətinləşdirə bilər. Rəqabətli idman mühiti qalib gəlmək üçün güclü ambisiya və motivasiya yaratmaqla yanaşı, eyni zamanda məğlubiyyətə qarşı həssaslığı da artırır. Reallıqda isə “daim qalib gəlmək” ideallığına fiziki və psixoloji baxımdan davamlı şəkildə çatmaq mümkün olmaya bilər. İnsan bədəninin və zehininin müəyyən performans hədləri mövcuddur (Parry, 2006). Bu hədlər qalibiyyət üçün kifayət etmədikdə, bəzi idmançılar dopinq istifadəsi, reallığı inkar edən davranışlar və ya öz bədən sərhədlərini zorlayan qeyri-sağlam strategiyalara yönələ bilirlər. Bu nöqtədə mühüm bir sual ortaya çıxır: məğlubiyyət bəzən insanın özünü qeyri-şüuri şəkildə cəzalandırmasının bir yolu ola bilərmi?
Qalib gəlmək mükafat ikən, məğlub olmaq kimə verilmiş cəzadır?
Bəzən idmançılar öz real potensiallarını ortaya qoymaqda çətinlik çəkir, bəzən isə mövcud potensialın da üzərinə çıxmaq naminə bədənlərini və zehinlərini həddindən artıq yükləyirlər. Bu yüklənmə zamanla tükənmişlik, zədələnmələr və daxili dəyər hissinin zəifləməsi ilə nəticələnə bilər. Qalibiyyətə yönəlmiş daxili təzyiq, idmançının öz dəyərini yalnız nəticələr üzərindən ölçməsinə səbəb olduqda, məğlubiyyət sadəcə bir yarış itkisi deyil, şəxsi uğursuzluq kimi yaşana bilər. İnteqrativ (bütüncül) psixoterapiya perspektivindən baxıldıqda isə idmançının yalnız performansı deyil, onun emosional dünyası, bədəni ilə əlaqəsi, özünə baxışı və münasibət qurma tərzi bir bütöv olaraq nəzərə alınır. Bu yanaşma idmançının “nə qədər uğurlu olduğuna” deyil, “özünə necə davrandığına” da diqqət yetirir. Əgər siz də qalib olmadığınız zaman özünüzü yetərsiz, dəyərsiz və ya uğursuz hiss edirsinizsə, bilin ki bu hisslər bir çox idmançı üçün tanışdır. Psixoterapiya bu nöqtədə idmançıya yalnız daha yaxşı performans göstərməyi deyil, eyni zamanda öz bədənini dinləməyi, sərhədlərini tanımağı və məğlubiyyət anlarında özünə qarşı daha şəfqətli ola bilməyi öyrədir. Bu baxımdan, idmançının bədən və zehin tarazlığına nail olmasında idman psixologiyasının və psixoterapevtik dəstəyin rolu mühüm əhəmiyyət daşıyır. Terapiya prosesində terapevtin pasiyentlə emosional, fiziki və terapevtik münasibətdə həqiqi mövcudluq göstərməsi, səmimi və gerçək mövqe nümayiş etdirməsi, idmançının öz daxili münaqişələrini təhlükəsiz bir mühitdə kəşf etməsinə imkan yaradır. Beləliklə, qalibiyyət və məğlubiyyət yalnız nəticə deyil, insanın özünü tanıma və inkişaf yolunun təbii bir hissəsinə çevrilə bilər.
Bu sahədə psixoterapiya xidməti kimlər üçün faydalı ola bilər?
– Performans təzyiqi yaşayan idmançılar,
– Məğlubiyyətlə öz dəyərini eyniləşdirən şəxslər,
– Bədəni və zehini arasında tarazlıq qurmaq istəyənlər,
– İdmanla yanaşı psixoloji dəstəyin gücünü kəşf etmək istəyən hər kəs üçün.