İçimdəki O Güc Hara Qeyb Oldu? Motivasiya Əskikliyinin Gizli Səbəbləri
Fatimə Əhmədova

Səhər zəngli saat çalır, gözünü açırsan və ağlına ilk gələn şey qarşında yığılıb qalan o işlər olur. Bəlkə günlərdir üzünə baxmadığın o kitab, bəlkə də neçə vaxtdır təxirə saldığın yeni bir başlanğıc… Amma içindən gələn səs sadəcə bir şey pıçıldayır: 'Heç nə etmək istəmirəm'. Sonra başlayır o sonsuz dövr: 'Yaxşı, bir beş dəqiqə də instaqrama baxım, başlayaram' deyirsən, bir də ayılırsan ki, saatlar keçib. Günün sonunda isə o heç çəkilməyən günahkarlıq hissi ilə baş-başa qalırsan. Çox tanış gəlir, elə deyil? Amma sənə bir şey deyim?
Bu yaşadığın şey sadəcə 'tənbəllik' deyil
Hətta heç tənbəllik deyil. Gəl bu gün özümüzü günahlandırmağı kənara qoyaq və beynimizin bizə necə bir oyun oynadığına, o daxilimizdəki enerjinin əslində hara qeyb olduğuna birlikdə baxaq.
Tənbəllik və motivasiya əskikliyinin fərqi
İlk öncə tənbəllik və motivasiya əskikliyinin fərqinə fokuslanaq. Tənbəllik – enerjinin var olması, fəqət onun xərclənmək istənilməməsidir. Bu zaman rahatlıq hissi daha çox üstünlük təşkil edir; insan sadəcə 'heç nə etmək istəmirəm' deyir və bu vəziyyətdən zövq alır, günahkarlıq hissi isə ya olmur, ya da çox az olur. Motivasiya əskikliyi zamanı isə enerji tamamilə tükənmiş kimi hiss edilir və günahkarlıq duyğusu daha çox ön plana çıxır. İşləri görmədiyiniz zaman zövq deyil, narahatlıq və çarəsizlik hissləri ortaya çıxır. Yəni etmək istəyirsiniz, amma sanki aranızda görünməz bir divar var.
Bu divar müxtəlif səbəblərdən qaynaqlana bilər
Mükəmməllikçilik
Burada 'əgər edəcəyim iş mükəmməl olmayacaqsa, başlamağa dəyməz' düşüncəsi hakimdir. İnsan heç başlamayaraq, əslində, ortaya çıxa biləcək uğursuzluq ehtimalını da öz aləmində aradan qaldırmış olur.
Dəqiq hədəflərin olmaması
İkinci böyük səbəb isə dəqiq hədəflərin olmamasıdır. Misal olaraq, hədəfləri çox geniş bir perspektivdə qoymağı göstərmək olar; yəni 'mən bu gün çox dərs oxuyacağam' əvəzinə, 'mən bu gün filan bölməni oxuyub bitirəcəyəm' demək daha spesifik bir hədəfdir.
Daxili və xarici motivasiya arasındakı balans
Üçüncü səbəb isə daxili və xarici motivasiya arasındakı balansdır. Hər ikisi uyğun miqdarda mövcud olmalıdır. Daxili motivasiya bir işi daha çox özünüz üçün etməkdir, yəni mərkəzdə siz varsınız. Xarici motivasiya isə bir işi başqaları üçün – məsələn, müdirdən tərif almaq və ya dost qrupunda qalmaq üçün istəmədiyiniz davranışları etmək kimi misallarla izah oluna bilər. Yalnızca xarici motivasiyanın olması, arzu olunan davranışın uzunmüddətli olması üçün əlverişli deyildir. Bununla yanaşı, daxili motivasiya ilə görülən işlərdə xarici motivasiyanın da təsiri mövcud ola bilər. Məsələn, uğurlu bir biznesə sahib olmaq istəmək sizin daxili motivasiyanız ola bilər, amma eyni zamanda ətrafdan alqışlar da qazanacaqsınız ki, bu da prosesin xarici tərəfidir.
Motivasiya əskikliyinin üstəsindən necə gəlmək olar?
Bunun üçün fərdi olaraq tətbiq edə biləcəyiniz bir neçə effektiv və praktik üsul mövcuddur:
• Hədəfləri kiçik parçalara bölün: Hədəfiniz gözünüzdə nə qədər böyük və qorxulu olarsa, başlamaq bir o qədər çətinləşər. Böyük bir layihəni və ya işi kiçik, addım-addım yerinə yetiriləcək tapşırıqlara bölmək beynin müqavimətini qırır.
• Başlamaq üçün spesifik bir vaxt təyin edin: Hərəkətə keçmək üçün özünüzə dəqiq bir zaman kəsiyi qoyun. Məsələn, 'Cəmi 5 dəqiqə sonra başlayacağam və sadəcə 5 dəqiqə məşğul olub buraxacağam' deyin. Çox vaxt ən çətin hissə elə o ilk addımdır; başlayandan sonra davamı öz-özünə gəlir.
• Üstünlükləri və çatışmazlıqları dəyərləndirin: Hədəfinizi reallaşdırdığınız və ya təxirə saldığınız hallar arasındakı müsbət və mənfi tərəfləri tərəziyə qoyun. Bu vizual müqayisə sizə niyə hərəkətə keçməli olduğunuzu xatırladacaq.
Bir işi hər zaman 100% mükəmməl etmək məcburiyyətində deyilsiniz
Burada heç bir problem yoxdur! Səhvlərə yer olduğunu və ideal olmaq məcburiyyətində olmadığınızı qəbullənmək içinizdəki o ağır günahkarlıq duyğusunu minimum səviyyəyə endirəcək, sizi rahatladacaq və addım atmağı asanlaşdıracaq.Unutmayın ki, motivasiya sadəcə ilk addımı atmaq üçün gözəl bir qığılcımdır; fəqət arzuladığınız o yolu daimi və uğurlu etmək üçün vərdişlər və nizam-intizam (disiplin) hər zaman daha ön plandadır...