Bir sualda dərin anlam:"Mənə dəqiq nə olduğunu deyin."

Şəxsi İnkişaf24 okt, 2025
Bir sualda dərin anlam:"Mənə dəqiq nə olduğunu deyin."

Bir sualın arxasındakı dərin anlam: "Mənə dəqiq nə olduğunu deyin..."

 

Psixoloqla ilk görüş... İnsan içindəki bütün qarışıqlığı, yorğunluğu, bəzən illərlə daşıdığı yükü masaya gətirir. Və çox vaxt ilk eşitdiyim suallardan biri "Bunu necə həll edə bilərik?"dən öncə bu olur: "Məndəki problemin adı nədir? Mənə dəqiq bir diaqnoz qoya bilərsinizmi?"

Bu tələb ilk baxışda təəccüblü görünə bilər. Axı məqsəd sağalmaqdırsa, niyə etiketlər həll yolundan daha cəlbedici gəlir? Bir mütəxəssis kimi bu sualın arxasında dayanan dərin psixoloji ehtiyacları anlamaq, prosesin ən vacib hissəsidir.

İnsanlar niyə həlldən çox diaqnoza can atırlar? Müşahidələrə görə, bunun 3 əsas səbəbi var:

1. Səssiz ağrının təsdiqini almaq: İllərlə davam edən, amma gözlə görünməyən bir daxili mübarizə apardığınızı düşünün. Ətrafınızdakılar bəlkə də " hər şey sənin beynindədir", "biraz özünü ələ al" kimi məsləhətlər verir. Peşəkar bir mütəxəssisdən diaqnoz eşitmək, insanın yaşadıqlarının real olduğunu təsdiqləyir. Başqa sözlə, bu, illərdir daşınan o görünməz yükə rəsmi bir ad vermək və nəhayət, "mən zəif deyiləm, sadəcə mübarizə aparıram" deyə bilməkdir.

2. Xaosu adlandırmaq: İçimizdəki adsız bir fırtına ilə yaşamaq qorxuducudur. Diaqnoz isə o fırtınaya bir ad verir, məsələn “Həyəcan-Təşviş Pozuntusu”. Artıq düşmən adsız deyil. Adı bəlli olan bir çətinlik isə daha az qorxulu, daha müəyyən və mübarizə aparıla bilən bir hədəfə çevrilir.

3. Bir yol xəritəsi axtarmaq: Tibbi modelə o qədər öyrəşmişik ki, psixoloji çətinliklərdə də bir yol xəritəsi axtarırıq. Diaqnoz bir çoxları üçün məhz o xəritənin başlanğıc nöqtəsidir. Sanki bir "GPS" koordinatı əldə etmiş kimi, "əgər problemimin adı bəllidirsə, deməli, onun standart bir həll yolu da olmalıdır" düşüncəsi insana ümid verir.

 

Bəs biz mütəxəssislər niyə bəzən bu "diaqnoz" tələbinə tələsmirik?

Çünki bilirik ki, diaqnoz bir alətdir, son hədəf deyil. Bəzən bir etiket, insanın bütün kimliyini ələ keçirə və onu məhdudlaşdıra bilər. Terapiyanın əsl məqsədi sizi bir qutuya yerləşdirmək yox, sizi o qutunu yaradan səbəblərdən azad etməkdir.Əsl sual "Məndə nə var?" deyil, "Mən bu çətinliklərlə birlikdə necə daha mənalı və rahat bir həyat qura bilərəm?" olmalıdır.

Siz diaqnozunuzdan daha böyüksünüz.

 

    4You | Psixoloqla İlk Görüş: Problemin Adını Tapın