Başqalarının fikri niyə bizi bu qədər idarə edir?

Günay Süleymanlı

Günay Süleymanlı

PsixoloqŞəxsi İnkişaf28 may, 2026
Başqalarının fikri niyə bizi bu qədər idarə edir?

Bəzən sadəcə bir insanın dediyi söz bütün gün əhvalımızı dəyişə bilir.  Tənqid olunmaq, bəyənilməmək və ya yanlış anlaşılmaq qorxusu bir çox insanın həyatına görünmədən təsir edir. Elə insanlar var ki, geyim seçimindən tutmuş həyat qərarlarına qədər hər şeyi başqalarının düşüncəsinə görə formalaşdırır.

“İnsanlar nə deyər?” düşüncəsi zamanla insanın öz istəklərini, hisslərini və hətta şəxsiyyətini belə kölgədə qoya bilir.

 

Bəs niyə başqalarının fikri bizi bu qədər idarə edir?

İnsan sosial varlıq olduğu üçün aid olmaq, sevilmək və təsdiq almaq bizim üçün emosional təhlükəsizlik hissi yaradır. Buna görə də beynimiz tənqidi və rədd edilməyi təhlükə kimi qəbul edə bilir.

 

Başqalarının fikrindən asılı olmağın əsas səbəbləri

 

1.Aşağı özgüvən

Özünə güvənməyən insanlar öz dəyərlərini daxildən deyil, ətrafındakı insanlardan almağa çalışırlar. Başqalarının təsdiqi olmadıqda özlərini yetərsiz hiss edə bilirlər.

2.Uşaqlıqda davamlı tənqid olunmaq

Kiçik yaşlardan daim müqayisə edilən, tənqid olunan və ya fikri önəmsənilməyən uşaqlar böyüdükdə başqalarının fikrinə qarşı daha həssas ola bilirlər. Bu insanlar səhv etməkdən və bəyənilməməkdən daha çox qorxurlar.

3.Hamını razı salmağa çalışmaq

Bəzi insanlar konflikt yaşamamaq və münasibətləri itirməmək üçün daim qarşı tərəfin istəklərinə uyğun davranırlar. Zamanla bu vəziyyət insanın öz istəklərini unutmasına səbəb olur.

4.Sosial medianın təsiri

Müasir dövrdə insanlar həyatlarını başqalarının reaksiyasına görə qiymətləndirməyə başlayıb. Bəyənilmək, təsdiq almaq və “ideal görünmək” istəyi insan üzərində psixoloji təzyiq yarada bilir.

 

Bu vəziyyət insana necə təsir edir?

Bu vəziyyət zamanı qərar verməy çətinləşir. Daim narahatlıq hissi yaranır və insanın özünü ifadə etməsinə mane olur. Bəzi insanlar artıq nə istədiyini belə anlamır, çünki həyatlarını başqalarının gözləntilərinə uyğun qurmağa başlayırlar.

 

Başqalarının fikrindən asılılığı azaltmaq üçün nə etmək olar?

Özünüzə bu sualı verin:

“Mən bunu həqiqətən istəyirəm, yoxsa insanlar üçün edirəm?” Bu sual insanın öz ehtiyaclarını daha yaxşı anlamasına kömək edə bilər. Hər kəsi razı salmağın mümkün olmadığını qəbul edin. İnsan nə qədər çalışsa da, hər kəs tərəfindən bəyənilməsi mümkün deyil. Hər insanın fərqli düşüncəsi və baxışı var. Öz dəyərlərinizi müəyyən edin. 

 

Həyatınızı başqalarının fikrinə görə deyil, öz prinsiplərinizə görə formalaşdırmaq daha sağlam psixoloji vəziyyət yaradır.

    4You | Başqalarının Fikri: Psixoloji Təsiri Anlamaq